Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
ELAN:
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 14-31 yanvar 2013-cü il tarixlərində üzvlüyə qəbul elan edir:
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının üzvlüyünə qəbul 8 kateqoriya üzrə həyata keçirilir:
a) Daimi üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, (3) Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan üzvlər;
b) Müxbir üzv – (1) aktiv tərcümə fəaliyyəti ilə məşğul olan, (2) Assosiasiya tərəfindən müəyyənləşdirilən akkreditasiyadan keçmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığı və ya daimi yaşayış icazəsi olmayan üzvlər;
c) Həmkar üzv – tərcümə fəaliyyəti ilə məşğul olan, daimi üzlük üçün göstərilən (1) və ya (2) kriteriyalara cavab verməyən, lakin Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən üzvlər. Həmkar üzvlər göstərilən kriteriyalara cavab verdikdən sonra Daimi və ya Müxbir üzv seçilə bilər.
ç) Tələbə üzv – tərcümə, filologiya, dilçilik və digər əlaqəli sahələrdə əyani və ya qiyabi təhsil alan hər bir şəxs Tələbə üzv ola bilər. Tələbə üzvlük statusu maksimum 6 il saxlanıla bilər.
d) Gənc-üzv – Xarici dil bilikli, 18 yaşına çatmış, Azərbaycan Respublikasının vətəndaşı və ya daimi yaşayış icazəsi olan istənilən gənc Assosiasiyaya üzv ola bilər.
e) Məsləhətçi üzv – Assosiasiyanın məqsədlərinə çatmasına töhfə vermək istəyən, tərcümə fəaliyyəti ilə məşğul olmayan, xarici dil biliyi olmayan üzvlər;
f) Kollektiv üzv – tərcümə və ya dilçilik sahəsində maraqlı olan kommersiya və qeyri-kommersiya təşkilatları; Kollektiv üzv Assosiasiya üzrə bir nümayəndə təyin edir.
h) Fəxri üzv – (1) Assosiasiyanın inkişafında, və ya (2) tərcümə və dilçilik sahəsində xidmətləri olan, Ümumi Yığıncağın üçdə-iki səs çoxluğu ilə seçilmiş üzvlər;
Aşağıdakı üzv kateqoriyalarına müvafiq üzvlük haqları tətbiq edilir:
Daimi üzv 10 AZN/Aylıq
Müxbir üzv 10 AZN/Aylıq
Həmkar üzv 10 AZN/İllik
Tələbə üzv** 6 AZN/Birdəfəlik
** Üzvlük haqqını ödəmə imkanı olmayan həmkar və tələbə üzvlər Nəzarət-Təftiş Komissiyasına elektron formada müraciət etməklə (ntk@agta.az) ödənişdən azad edilə bilərlər.
AGTA-ya üzlük nə qazandırır?
TƏLƏBƏ-ÜZVLƏR:
Peşəkar tərcüməçilərlə əlaqələr qurmaq, onlarla müntəzəm görüşlərdə iştirak etmək, onların təcrübəsini öyrənmək
AGTA-ya üzv olduqdan sonra tələbə üzvlər AGTA-nın daimi üzvləri – peşəkar tərcüməçilər tərəfindən keçiriləcək tədbirlər – təlimlər, seminarlar, görüşlərdə iştirak etmək imkanı qazanırlar.
Tələbə üzvlər onları maraqlandıran sahələrdə (bədii tərcümə, sinxorn tərcümə, ardıcıl tərcümə və s.) praktiki təcrübə qazanmaq imkanı əldə edirlər.
Siz müxtəlif klublarımıza üzv olmaqla, maraq göstərdiyiniz sahələrdə təcrübə qazana bilərsiniz. Belə ki, siz bədii tərcümə ilə maraqlanırsınızsa, Bədii Tərcümə Klubuna üzv olub, bədii tərcümələr edə, peşəkarlardan bu işin incəliklərini öyrənə və tərcümələrinizin nəşrinə nail ola bilərsiniz. Könüllü Tərcüməçilər Klubuna üzv olmaqla, siz ödənişsiz sifarişləri yerinə yetirərək, peşəkar iş həyatı öncəsi dəyərli təcrübələr qazana və CV-nizi zənginləşdirə bilərsiniz.
İctimai işdə təcrübə
AGTA-ya üzv olmaqla kifayətlənməyin. AGTA-ya üzv olduqdan sonra, siz təşkilatın idarə edilməsində, müxtəlif layihələrin hazırlanmasında və icra edilməsində iştirak edərək zəngin ictimai təcrübə qazana, öz liderlik, təşkilatçılıq və s. bacarıqlarınızı nümayiş etdirə bilərsiniz.
AGTA-nın keçirəcəyi tərcümədənkənar təlimlərdən faydalamaq.
Öz üzvlərinin hərtərəfli inkişafına töhfə vermək məqsədilə AGTA digər təşkilatlarla əməkdaşlıq edərək, müxtəlif sahələrdə təlimlər keçirəcəkdir (CV yazma, müsahibələrə hazırlıq, layihələrin yazılması, bloqların hazırlanması və s.). Aydındır ki, çağdaş zamanla ayaqlaşmaq üçün tərcüməçidən müasir texnologiyaları, alətləri bilmək tələb olunur. Bu sahədə AGTA öz köməyini əsirgəməyəcək.
Karyera ilə bağlı kömək
AGTA-da Məşğulluq Komitəsi fəaliyyət göstərir. Komitə üzvlərimiz barədə məlumatları toplayaraq, təhlil edir və istedadlı, fəal üzvlərimizin işlə təmin olunmasında köməklik göstərir.
DAİMİ, MÜXBİR və HƏMKAR ÜZVLƏR:
Peşəkar tərcüməçilər şəbəkəsinə daxil olmaq
Həmkarlarınızla peşəkar münasibətlər qurmaqla, Siz öz əhatə dairənizi genişləndirə, tərcüməçilər arasnda maraq münaqişələrini önləyə, vahid etik qaydalara riayət edə və bunu təbliğ edə bilərsiniz.
Hüquq və maraqlarınızın təşkilat tərəfindən müdafiəsi
AGTA işəgötürənlər və müştərilər qarşısında öz üzvlərinin hüquq və maraqlarını qorumaq öhdəliyi daşıyır. AGTA-ya üzv olmaqla digər həmkarlarınızla birgə öz hüquq və maraqlarınıza vahid prizmadan yanaşacaq və onların təşkilat tərəfindən qorunmasına nail olacaqsınız.
İctimai işdə iştirak, öz işinin ictimai dəyərini cəmiyyətdə çatdırmaq
Tərcüməçi həyatı yalnız ödənişli sifarişləri yerinə yetirməkdən ibarət olmadığı kimi, siz də tərcümə ilə bağlı öz nəzəri yazılarınızın və ya müxtəlif tərcümələrinizin ictimaiyyətdə yayılması və tanınması imkanı əldə edəcəsiniz.
Gənc tərcüməçilərlə öz təcrübələrini bölüşmək imkanı
Sizin təcrübəniz AGTA üzvü olan tələbə-üzvlər, gənc tərcüməçilər üçün mühüm əhəmiyyət kəsb edəcəkdirş
AGTA-ya daxil olan müraciətlərin icra edilməsi
AGTA-ya müxtəlif fiziki və hüquqi şəxslərdən gələn sifarişlər AGTA üzv olan peşəkar tərcüməçilərə yönləndirilir.
Üzvlük prosesi
1. Onlayn müraciət forması doldurulur (https://docs.google.com/spreadsheet/viewform?formkey=dGo3T0Q3WjNkQVpTSkdEU0tId19rZXc6MA#gid=0)
2. Namizədin təqdim etdiyi məlumatlar əsasında anket forması hazırlanır.
3. Onlayn müraciət forması doldurulduqdan sonrakı 1 həftə ərzində namizədlə əlaqə saxlanılır, onun iştirakı ilə anket forması imzalanır, möhürlənir və təsdiqlənir.
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025