Nizamnamə

 

 «AZƏRBAYCAN GƏNC TƏRCÜMƏÇİLƏR ASSOSİASİYASI» İCTİMAİ BİRLİYİNİN 

NİZAMNAMƏSİ

  

 

I. ÜMUMİ MÜDDƏALAR

1.1.          «Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası» İctimai Birliyi (bundan sonra – Birlik adlandırılacaq) bu nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş, bir neçə şəxsin təşəbbüsü ilə yaradılmış, könüllü, özünü idarə edən, qeyri-hökumət, qeyri-kommersiya, qeyri-siyasi və öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və gəlirini üzvlər arasında bölməyən, qeyri-müəyyən müddətə yaradılan və fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən ictimai qeyri-hökumət təşkilatdır.

1.2.          Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının qanunu, digər normativ hüquqi aktlar və bu nizamnamə əsasında həyata keçirir.

1.3.          Birliyin rəsmi adı: «Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası » İctimai Birliyi

1.4.          Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçirildiyi andan hüquqi şəxs statusu qazanır.

1.5.          Birlik hüquqi şəxs olub, müstəqil balansa, əmlaka, bank hesablarına, dairəvi möhür və ştampa, eləcə də digər rekvizitlərə malikdir.

1.6.          Birlik beynəlxalq ictimai qurumlara daxil ola, birbaşa əlaqə saxlaya, qüvvədə olan qanunvericiliklə qadağan olunmayan saziş və müqavilələr imzalaya bilər. Birlik əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.

1.7.          Birliyin təsisçilərinin (iştirakçılarının) Birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. Birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

1.8.          Birliyin iştirakçıları Birliyin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar.

1.9.          Birlik öz fəaliyyətində üzvlərin könüllülüyü, bərabərliyi, müstəqilliyinə hörmət və daxili işlərinə qarışmamaq, demokratik idarəetmə və qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır.

1.10.       «Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası» İctimai Birliyinin hüquqi ünvanı: Bakı şəhəri, Qaçaq Nəbi küçəsi ev 5, mənzil 6

II. BİRLİYİN MƏQSƏDİ VƏ FƏALİYYƏT NÖVLƏRİ

2.1.          Birliyin fəaliyyətinin əsas məqsədləri ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiyanın qurulması, tərcüməçilərin sosial, iqtisadi və hüquqi maraqlarının müdafiə edilməsi, tərcüməçilər arasında bilik və təcrübə mübadiləsinin təbliğ və təmin edilməsi, tərcümə sahəsində təhsil alan gənclərə hərtərəfli dəstəyin təmin olunması və mədəniyyətlərarası kommunikasiyanın imkanlarından isitfadə etməklə həyatın bütün sahələrində yaxşı təcrübələri yaymaqdır.

2.2.          Birliyin fəaliyyətinin predmetinə aşağıdakılar daxildir:

–       İctimaiyyət arasında tərcümə peşəsi və tərcüməçilər haqqında düzgün rəy yaratmaq, tərcüməçilərlə işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, görüşlər və s.);

–       tərcüməçilər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimər, görüşlər və s.)

–       Tərcüməçilər üçün davranış kodeksinin hazırlanması, etik qaydaların təbliğ edilməsi;

–       birliyin məqsədləri və fəaliyyəti barədə məlumatların sərbəst surətdə yayılması;

–       digər dünya dövlətlərinin analoji ictimai təsisatları və beynəlxalq təşkilatlarla geniş əlaqələrin yaradılması və bu əlaqələrin inkişaf etdirilməsi;

–       öz qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi;

–       dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi;

–       qanunvericilikdə nəzərdə tutulmuş qaydada kütləvi xeyriyyə tədbirlərinin həyata keçirilməsi;

–       Azərbaycan Respublikasının dövlət orqanlarında, siyasi və ictimai təşkilatlarda öz üzvlərinin qanuni mənafelərinin təmsil edilməsi və qorunması;

–       könüllülük əsasında birləşib ittifaqlar yaradılması;

–       torpaq sahələri, binalar, başqa tikilililər əldə edilməsi, icarəyə götürülməsi;

–       İctimai birliyin mətbuat orqanlarının, nəşriyyatının yaradılması;

–       fəal işinə, elm və təcrübədə əldə etdiyi nailiyyətlərə görə İctimai birliyin üzvlərinin və başqa şəxslərin mükafatlandırılması, onlara mükafatların, fəxri adların verilməsi və onların təltif edilməsi barədə səlahiyyətli orqanlar qarşısında məsələ qaldırılması;

–       öz üzvlərinin xarici ölkələrə ezam edilməsi, onların dünyanın qabaqcıl elm və təhsil ocaqlarına təhsil almağa və təcrübəyə göndərilməsi;

–       qanunvericiliklə qadağan olunmamış başqa fəaliyyət növlərinin həyata keçirilməsi;

2.3.          Birlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən və bu Nizamnamədə nəzərdə tutulan məqsədlərə zidd olmayan hər hansı fəaliyyət növünü həyata keçirə bilər.

 

2.4.          Birlik əldə edilmiş gəliri təsisçiləri, üzvləri, vəzifəli şəxsləri və köməkçiləri arasında bölməyərək, yalnız bu Nizamnamədə nəzərdə tutulan məqsədlərə nail olmağa yönəldilən sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.

2.5.          İctimai Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

 

III. BİRLİYƏ ÜZVLÜK.
ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ.

3.1.          İctimai Birliyin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Birliyin iştirakçıları ola bilər.

3.2.          Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

3.3.          Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu nizamnamə ilə müəyyən edilir.

3.4.          Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) İctimai Birliyin üzvü ola bilər.

3.5.          İctimai Birliyin yetkinlik yaşına çatmayan üzvləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.

3.6.          İctimai birliyə üzvlərin qəbulu idarə heyəti tərəfindən həyata keçirilir və üzv olmaq istəyən şəxs idarə heyətinə yazılı müraciət edir. Ərizəyə 1 ay müddətində baxılır və idarə heyəti üzvlərinin yarıdan çoxu müsbət münasibət bildirdikdə ərizəçi birliyin üzvlüyünə qəbul edilir.

3.7.          Birliyə üzvlük fərdi və kollektiv qaydada ola bilər. Birliyə fəxri üzvlər də seçilə bilər.

3.8.          İdarə, müəssisə və təşkilatlar birliyə kollektiv üzv seçilə bilərlər.

3.9.          Birliyin üzvlərinə Birliyin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.

3.10.       Birliyin üzvləri bərabər hüquqa malikdirlər. Birliyin üzvləri üçün fərqli hüquqlar müəyyən olunması yolverilməzdir.

3.11.       Birliyin hər üzvü bir səs hüququna malikdir.

3.12.       Birliyin üzvləri birliyin ali orqanı tərəfindən müəyyən edilən məbləğdə üzvlük haqqı verirlər.

3.13.       Birliyin üzvü digər ictimai birliklərə də üzv ola bilər.

3.14.       Birliyin üzvlərinin hüquqları:

–       Nizamnaməyə müvafiq olaraq İctimai Birliyin idarə olunmasında iştirak etmək;

–       İctimai Birliyin idarə orqanlarına seçmək və seçilmək;

–       İctimai Birliyin fəaliyyəti haqqında məlumat almaq və təkliflər vermək;

–       Birliyin həyata keçirdiyi tədbirlərdə iştirak etmək;

–       Birliyin hər hansı orqanının işində məşvərətçi səslə iştirak etmək;

–       Birliyin rəhbər orqanlarına nəzarət etmək;

–       Birliyin seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq;

–       Öz hüquq və vəzifələri ilə bağlı hər hansı bir məsələnin müzakirəsində şəxsən iştirak etmək, etirazını bildirmək, izahat və şikayət vermək;

3.15.       Birliyin üzvü eyni zamanda birliyin iki seçkili orqanının üzvü ola bilməz;

3.16.       Birliyin üzvü yalnız ümumi yığıncaq, birliyin sədri və idarə heyəti səlahiyyət verdikdə birliyi təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

3.17.       Birliyin üzvlərinin vəzifələri:

–       İctimai Birliyin təşkil etdiyi tədbirlərdə fəal iştirak etmək;

–       Rəhbər orqanların qəbul etdiyi qərarlarını yerinə yetirmək;

–       Nizamnamənin tələblərinə əməl etmək;

–       Müəyyən olunmuş üzvlük haqqını ödəmək;

3.18.       Birlikdə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

–       Birlik ləğv edildikdə;

–       Öz ərizəsi əsasında;

–       Birliyin üzvü adına layiq olmayan hərəkətlərə yol verdikdə;

–       Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda;

3.19.       Birliyin üzvünün təşkilatın üzvlüyündən çıxarılması barədə qərarı Ümumi yığıncaq qəbul edir. Bunun üçün Ümumi yığıncaqda iştirak edən üzvlərin yarıdan çoxu həmin qərarın lehinə səs verməlidir.

3.20.       Birliyin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxsə Ümumi yığıncağın yeri və vaxtı barədə məlumat verməli, o həmin məsələ ilə bağlı öz fikirlərini ali orqana bildirmək arzusunda olsa, onun bu hüququ təmin edilməlidir. Ümumi yığıncağın yeri və vaxtı barədə xəbərdar edilmiş, birliyin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxsin yığıncağa gəlməməsi həmin məsələnin müzakirə edilməsinə və qərar qəbul edilməsinə mane olmur.

3.21.       Şəxs qərarın surətini aldığı gündən 10 gün müddətində həmin qərardan NTK-ya şikayət verə bilər. NTK 15 gün müddətində həmin şikayətə baxmalı və şikayətin təmin edilməsi və ya rədd edilməsi barədə qərar çıxarılmalıdır.

3.22.       Birliyin üzvünün təşkilatın üzvlüyündən çıxarılma məsələsi Nəzarət-Təftiş komissiyası tərəifndən Ümumi yığıncağın müzakirəsinə çıxarılır. Nəzarət-Təftiş komissiyası Ümumi yığıncağa komissiyanın həmin məsələ ilə bağlı qərarını və üzvlükdən çıxarılma üçün əsas olan halları təsdiq edən zəruri sənədləri təqdim edir.

3.23.       Ümumi yığıncaq Birliyin üzvünün təşkilatın üzvlüyündən çıxarılması məsələsi ilə bağlı NTK-nın qərarını və 3.22-ci maddədə sadalanan digər sənədləri aldıqdan sonra 1 aydan gec olmayaraq həmin məsələ ilə bağlı qərar qəbul etməlidir.

3.24.       Birliyin üzvlüyündən çıxarılmış şəxs Nəzarət Təftiş Komissiyasına müraciət etdikdən sonra, NTK-nın qərarı ilə razı olmadıqda məhkəməyə şikayət etmək hüququ vardır.

3.25.       Birliyin köməkçiləri:

–       Birliyin istifadəsinə əvəzsiz əmlak verən, habelə təşkilati və başqa yardım göstərən, könüllü iş görən və xidmətlər göstərmək yolu ilə birliyi dəstəkləyən fiziki və hüquqi şəxslər birliyin köməkçiləri hesab olunur;

–       Birliyin köməkçiləri birliyin idarə orqanları işində məşvərətli səs hüququ ilə iştirak edə bilərlər.

–       Birliyin köməkçilərinin uçotu ayrıca reyestrdə aparılır;

–       Birliyin köməkçiləri birliyin bütün tədbirlərində iştirak edə, birliyin imkanları və qanunvericilik çərçivəsində onun müdafiəsindən istifadə edə bilərlər;

–       Birliyin köməkçiləri birliyin adına və məqsədlərinə ziyan vuran hərəkətlərə yol verməməlidirlər;

–       Birliyin köməkçiləri istənilən vaxt öz fəaliyyətlərinə xitam verə bilərlər.

IV. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

4.1.          Birliyin ali idarəetmə orqanı onun ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Növbəti Ümumi yığıncağın çağırılması barədə qərar və Ümumi yığıncağın müzakirəsinə verilməsi nəzərdə tutulmuş məsələlər, bu Nizamnamənin 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla ümumi yığıncağın keçirilməsinə azı 15 gün qalmış Birliyin üzvlərinə elan edilir.

4.2.          Ümumi yığıncaq İctimai Birliyin icra orqanının, təsisçilərindən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

4.3.          Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

 

–       Nizamnaməni qəbul edir, ona əlavələr və dəyişikliklər edir;

–       İctimai Birliyin strukturunda dəyişikliklər edir, birliyin orqanlarını yaradır və onların səlahiyyətlərini dayandırır;

–       İllik hesabatı təsdiq edir;

–       Birliyin başqa təşkilatlarda iştirakı məsələsini həll edir;

–       Üzvlük haqqının məbləğini müəyyən edir;

–       Birliyə üzvlükdən xaric etmək barədə qərar qəbul edir;

–       İctimai Birliyin əmlakının formalaşması və istifadəsi qaydalarını müəyyən edir;

–       Birliyin yenidən təşkili və ləğv edilməsi məsələsini həll edir;

–       7 nəfərdən ibarət tərkibdə İdarə heyətinin sədrinin və üzvlərinin seçilməsi;

–       3 nəfərdən ibarət tərkibdə Nəzarət-Təftiş Komissiyasının sədrinin və üzvlərinin seçilməsi;

4.4.          Ümumi yığıncaq qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

–       Birliyin üzvlərinin yarıdan çoxu (50%+1 nəfər) iştirak etdikdə Ümumi yığıncaq səlahiyyətli sayılır.

–       Ümumi yığıncağda yazılı protokol aparılmalıdır. Protokol Ümumi yığıncağın sədri və katibi tərəfindən imzalanır.

–       Protokol lazım gəldikdə bütün üzvlərə paylanılır.

4.5.          Birliyin təsisçilərdən birinin, icra orqanının və ya üzvlərinin 3/1-nin tələbi ilə Ümumi yığıncağın növbədən kənar iclası çağırıla bilər.

4.6.          Birliyin təsisçilərinə və üzvlərinə Ümumi yığıncağın yeri və vaxtı barədə ən azı 2 həftə əvvəlcədən məlumat verilməlidir.

4.7.          Birliyin Nizamnaməsinə düzəliş, əlavə və dəyişikliklər yalnız Ümumi yığıncağın qərarı ilə birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə edilə bilər.

4.8.          Ümumi yığıncaqlararası dövrdə İctimai Birliyin fəaliyyətinə idarə heyəti rəhbərlik edir;

4.9.          İctimai Birliyin icra orqanı 2 il müddətinə seçilən idarə heyətidir;

4.10.       İdarə Heyəti Ümumi yığıncağın seçdiyi sədr və üzvlərdən ibarətdir.

4.11.       İdarə heyəti:

–       Öz üzvləri arasından sədr müavinini seçir;

–       Birliyin ali idarəetmə orqanı qarşısında hesabat verir;

–       İctimai Birliyin fəaliyyətini tənzimləyən aktlar qəbul edir;

–       İctimai birliyə üzvlüyə qəbul barədə qərar qəbul edir;

–       İctimai Birliyin filial və nümayəndəliklərini yaradır, onların fəaliyyətinə rəhbərlik edir;

–       Birliyin komitə və komissiyalarını yaradır;

–       Şikayət və ərizələrə baxıb onları icra edir;

–       İctimai Birliyin balansını, büdcəsini, işçilərin əmək haqqı cədvəlini təsdiq edir;

–       Müstəsna olaraq Ümumi yığıncağın səlahiyyətinə aid edilmiş məsələlərdən başqa bütün məsələlər üzrə qərarlar qəbul edir.

4.12.       İdarə heyətinin yığıncaqlarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İH-nin yığıncaqları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə heyətinin yığıncaqları ayda bir dəfədən az olmamaq şərti ilə, zərurət yarandıqda İH-nin sədri tərəfindən çağırılır.

4.13.       İdarə heyətinin səlahiyyət müddəti 2 ildir;

4.14.       İdarə heyətinin sədri İH-nin yığıncaqlarına sədrlik edir.;

4.15.       İctimai Birliyin cari fəaliyyətinə rəhbərliyi İctimai Birliyin icra orqanı həyata keçirir. İctimai Birliyin icra orqanı Birliyin sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə heyətidir. İctimai Birliyin sədri Ümumi yığıncaq tərəfindən iki il müddətinə (yenidən seçilmək hüququ ilə) gizli səsvermə yolu ilə seçilir;

4.16.       İctimai Birliyinin sədri öz fəaliyyəti ilə bağlı İdarə heyəti və Ümumi yığıncaq qarşısında hesabat verir;

4.17.       İctimai Birliyin sədri:

–       İctimai Birliyin adından əmr və sərəncamlar verir;

–       İctimai Birliyin adından İdarə heyətinin müsbət rəyini almaqla müqavilələr bağlayır;

–       İctimai Birliyin əmlakı və vəsaitləri üzərində sərəncamlar verir;

–       Dövlət orqanlarında və digər qurumlarda vəkalətnaməsiz birliyi təmsil edir;

–       İctimai Birliyin adından etibarnamələr verir;

–       İctimai Birliyin cari idarəçiliyini və digər məsələləri həll edir;

–       Ümumi yığıncağın üzərinə qoyduğu başqa funksiyaları həyata keçirir;

–       İctimai Birliyin İdarə heyətinin sədri olmadıqda onun səlahiyyətlərini İH-nin sədr müavini həyata keçirir.

4.18.       Sədr müavini (müavinləri)

  • Birliyin sədrinin təqdimatı əsasında Birliyi təmsil edir;
  • Birliyin sədri müəyyən səbəblərdən öz vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətlərini həyata keçirir;
  • Ümumi Yığıncağın və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

4.19.       Birliyin nəzarətedici orqanı Ümumi yığıncaq tərəfindən 2 il müddətinə seçilən Nəzarət-Təftiş Komissiyasıdır.

4.20.       İctimai Birliyin NTK-sı İB-in seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin nizamnaməyə uyğun olması, İctimai birliyin maliyyə fəaliyyəti, əmlakından istifadə və istismar qaydaları üzərində nəzarəti həyata keçirir

4.21.       NTK-nın səlahiyyət müddəti 2 ildir;

4.22.       NTK yığıncaqlarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. NTK-nın yığıncaqları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

4.23.       NTK İctimai Birliyin orqanlarında və üzvlərindən daxil olan ərizələrə 1 ay ərzində baxıb cavab verməlidir.

4.24.       NTK-nın fəaliyyəti «İctimai Birliyin NTK-sı haqqında» əsasnamə ilə tənzimlənir;

4.25.       İdarə Heyətinin üzvləri NTK-nın üzvü ola bilməz.

4.26.       NTK Ümumi Yığıncağa tabedir və yalnız Ümumi yığıncağa hesabat verir.

4.27.       Birliyin icra və nəzarət orqanlarının bütün üzvləri və vəzifəli şəxsləri iki il müddətinə seçilir (təyin edilirlər).

V. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

5.1.          Birlik Azərbaycanın Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının Nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.

5.2.          Birlik əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.

5.3.          Birlik:

–       Qanunvericiliyə uyğun olaraq mətbu orqanlar və nəşriyyat müəssisələri yaradır;

–       təşkilatın yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışını həyata keçirir;

–       qiymətli kağızlar, əmlak və qeyri-əmlak hüquqlarını əldə edir;

–       qanunvericilikdə yol verilən digər fəaliyyəti həyata keçirir.

5.4.          Birliyin mülkiyyətində və ya operativ idarəsində binalar, qurğular, müəssisələr, daşınar və daşınmaz əmlak və eləcə də qanunvericilikdə qadağan olunmamış növlərdə digər əmlak ola bilər.

5.5.          Birliyin əmlakının pul və digər şəkildə formalaşdırma mənbələri aşağıdakılardır:

–       təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

–       ayrı-ayrı hüquqi və fiziki şəxslərin könüllü əmlak haqları və ianələri;

–       malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxil olmalar;

–       səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;

–       öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

–       qrantlar;

–       qanunvericilikdə qadağan olunmayan başqa gəlirlər.

5.6.          Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir.

5.7.          Birliyin təsisçilərinin və üzvlərinin öhdəliklərinə görə birlik, birliyin öhdəliklərinə görə isə təsisçilər və üzvlər məsuliyyət daşımır.

VI. BİRLİYİN FİLİAL VƏ NÜMAYƏNDƏLİKLƏRİ

6.1.          Birlik Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər

6.2.          Birliyin filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə bilər və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.

6.3.          Birliyin nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

6.4.          Birliyin filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi Əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır.

6.5.          Filial və nümayəndələrin rəhbərləri Birliyin İdarə Heyəti tərəfindən təyin edilir və onun tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir.

VII. nİzamnamənİn qəbulu, ona əlavə və
dəyİşİklİklərİn edİlməsİ qaydası

7.1. Birliyin nizamnaməsinin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi onun ali idarəetmə orqanı olan Ümumi yığıncaq tərəfindən həyata keçirilir.

7.2. Birliyin Nizamnaməsinə düzəliş, əlavə və dəyişikliklər yalnız Ümumi yığıncağın qərarı ilə birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə edilə bilər.

7.3.Birliyin nizamnaməsindəki dəyişikliklərin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən həyata keçirilir. Birliyin nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

VIII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

       8.1.   Birliyin fəaliyyətinə aşağıdakı qaydada xitam verilir:

–       Ümumi Yığıncağın üçdə iki səs çoxluğu ilə qəbul olunmuş qərarı əsasında;

–       Qanunvericilikdə nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı ilə;

8.2. Birliyin fəaliyyətinə, Birliyin yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə və ya Birliyin ləğv edilməsi yolları) ilə xitam verilir.

8.3. Birlik qanunvericilikdə nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Birliyin yenidən təşkili onun təsisçilərinin və ya təşkilatın nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

8.4.          Birliyin yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər.

8.5.          Birliyin başqa təşkilatın ona birləşmə və qoşulma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin aparıldığı andan sayılır.

8.6.          Birliyin ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatının təsis edilməsi haqqında qeydlərin aparıldığı andan sayılır.

8.7.          Birliyin çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin aparıldığı andan sayılır.

8.8.          Birləşmədən, qoşulmadan, bölünmədən, ayrılmadan və ya çevrilmədən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

8.9.          Birlik ləğv edildikdə Ümumi yığıncaq tərəfindən ləğvetmə komissiyası yaradılır və birliyin əmlakına sərəncam vermək hüququ ona verilir.

8.10. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi  Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

IX. DİGƏR ŞƏRTLƏR

9.1.          Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

9.2.          Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

9.3.  Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

 

 

About Author: agta

Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button