2-ci Milli Tərcümə Forumu başa çatıb

30 sentyabr – Beynəlxalq Tərcümə Günündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının təşkilatçılığı ilə “Hilton Baku” mehmanxanasında keçirilən “Azərbaycanda tərcüməçi hazırlığı” mövzusunda 2-ci Milli Tərcümə Forumu başa çatıb.

Beynəlxalq Tərcümə Federasiyasının rəsmi təqvimində yer alan 2-ci Milli Tərcümə Forumu Azərbaycanın tərcümə tarixində ən böyük tədbir kimi 200 nəfərdən yuxarı tərcüməçi, dilçi, ali təhsil müəssisələrinin nümayəndələrinin, yerli və beynəlxalq qurumların iştirakı ilə keçirilib.

Forumda ali təhsil müəssisələrində tərcümənin tədrisinin vəziyyəti, problemlər və həll yolları, tərcüməçilərin davamlı peşəkar inkişafı, eləcə də Azərbaycan dilinin bugünkü vəziyyəti, dilimizə yeni daxil olan sözlər və terminlər və s. mövzular geniş müzakirə edilib.

Forumun ilk panelində tərcümənin tədrisini həyata keçirilən aparıcı universitetlərin (ADU, BSU, Qafqaz Universiteti, Xəzər Universiteti) nümayəndələri müvafiq olaraq təmsil etdikləri universitetlərdə tərcümənin tədrisindən söz açmış, auditoriyanın suallarını cavablandırmışdır.

“Davamlı peşəkar inkişaf” adlı növbəti panelin iştirakçıları olan peşəkar tərcüməçilər İsrafil Xakiyev və Turan Əliyev, eləcə də Beynəlxalq Tərcüməçilər Federasiyasından dəvət olunmuş xanım Eyvor Foqarti tərcüməçilər üçün davamlı peşəkar inkişafın əhəmiyyətindən söz açıblar.

Sonuncu paneldə tanınmış dilçi və tərcüməçilərimiz Azərbaycanda tərcümənin bugünkü vəziyyəti, Azərbaycan dilinin qloballaşma şəraitində saflığının qorunması, alınma sözlər və s. müzakirə obyekti olub. Tədbirin sonunda yekun müzakirələr aparılmış və təkliflər hazırlanmışdır. Qərara alınmışdır ki, Azərbaycanda tərcüməçi hazırlığını yüksəltmək üçün bu sahədə bütün maraqlı tərəflərin iştirakı ilə işçi qrup yaradılsın. Bu barədə daha geniş məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

[nggallery id=19]

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button