I Ümumrespublika Tərcümə Müsabiqəsi başa çatmışdır

Azərbaycan Gənclər Fondunun dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən keçirilən 1-ci Ümumrespublika Tərcümə Müsabiqəsinə yekun vurulmuşdur.

Ölkənin müxtəlif regionlarından seçilmiş yüzə yaxın gənc tərcüməçinin iştirakı ilə keçirilən müsabiqənin ilk turu Bakı şəhərində keçirilmiş və bu mərhələdə iştirakçıların yazılı tərcümə bacarıqları yoxlanılmışdır. Növbəti tura keçən 50 iştirakçı yenə Bakı şəhərində mübarizə aparmış və yazılı və şifahi tərcümə üzrə sınaqdan keçmişlər.

Nəhayət Beynəlxalq Tərcümə Federasiyasının rəsmi təqvimində öz yerini tutan bu müsabiqənin yekun mərhələsi Gəncə şəhərində baş tutmuş və 25 finalçının iştirak etdiyi mərhələdə 1-ci yerin sahibi Gülnaz Cavadova, 2-ci yerin sahibi Günel Soltanova və 3-cü yerin sahibi Cəmilə Hüseynova olmuşdur. Qaliblərə sertifikatlar təqdim olunmuşdur. Bundan əlavə təşkilatçı AGTA 1-ci yerin sahibi Gülnaz Cavadovanı ilk AGTA təqaüdçüsü elan etmiş və 6 ay müddətinə aylıq təqaüd elan edilmişdir. 2-ci yerin sahibinə planşet, 3-cü yerin sahibinə isə elektron lüğət hədiyyə olunmuşdur.

Ölkə səviyyəsində son illərdə tərcümə sənətinə ayrılan diqqət fonunda keçirilən bu müsabiqənin məqsədi gənclər arasında tərcümə sənətini təşviq etmək, perspektivli gəncləri üzə çıxarmaq və onların işlə təminatında köməklik göstərməkdir.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button