AGTA 1-ci Milli Tərcümə Forumunu uğurla həyata keçirmişdir

30 sentyabr 2013-cü il tarixdə Bakı şəhərində Azərbaycan Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən “Azərbaycanda tərcümə – dünən, bu gün və sabah” mövzusunda 1-ci Milli Tərcümə Forumu keçirildi. 200-ə yaxın tərcüməçi, dilçi, pedaqoq, tərcümə sahəsində təhsil alan gənclər, eləcə də hökumət və qeyri-hökumət təşkilatlarının, diplomatik missiyaların nümayəndələrinin iştirakı ilə baş tutan tədbir Azərbaycanın tərcümə tarixinin ən böyük tədbiri olmaqla yanaşı, gərgin və maraqlı müzakirələrlə yadda qaldı.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov və Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən, bu sahədə görülən işlərdən bəhs etdilər. Beynəlxalq Tərcüməçilər Federasiyasının Avropa üzrə regional mərkəzinin rəhbəri xanım Eyvor Foqarti Federasiyanın prezidenti xanım Marion Boersin təbriklərini forum iştirakçılarına çatdırdıqdan sonra, forum iştirakçılarına və təşkilatçılara uğurlar arzu etdi.

Forumun “XXI əsrin tərcümə texnologiyaları. Tərcümə və İKT” mövzusunda panel müzakirələri ilə öz işinə başladı. Panel müzakirəsində çıxış edən “Dilmanc” layihəsinin elmi-tədqiqat rəhbəri Samir Abbasov Azərbaycanda həyata keçirilən elektron lüğət layihələri, o cümlədən “Dilmanc” layihəsinin hazırkı durumu barədə məlumatlar verdi. Maşın tərcüməsi sistemlərinin əhəmiyyətindən danışan Beynəlxalq Tərcüməçilər Federasiyasının Avropa üzrə regional mərkəzinin rəhbəri Eyvor Foqarti bildirdi ki, istənilən halda ən mükəmməl proqramlar belə tərcüməçinin gördüyü işi yerinə yetirə bilməz. “Tərcümə maşınları yalnız tərcüməçiyə köməkçi rolunda çıxış edə bilir. Tərcüməçilərdən isə peşəkarlıq tələb olunur. Onlar tərcümə etdiyi sahənin xırdalığını anlamalıdırlar. Əgər tərcüməçilər peşəkarlıqlarını artırsalar, bu peşəni hələ uzun müddət qoruyub saxlamaq mümkün olacaq,” deyə o bildirib. AGTA-nın İdarə Heyətinin üzvü Tərlan Arzumanov Vikipediyanın Azərbaycan dili bölməsinin genişləndirilməsi imkanlarını araşdırıb.
“Azərbaycan dili bu gün” mövzusunda keçirilən növbəti paneldə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova və Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədov müvafiq olaraq Azərbaycan dilinə alınma terminlərin tərcümə problemləri və tərcümə lüğətlərində realiyaların verilməsi barədə müzakirələr apardılar. Forum iştirakçıları Azərbaycan dilinin izahlı lüğətinin bugünkü Azərbaycan dilinin reallıqlarını əks etdirmədiyini, izahlı lüğətin yenidən işlənərək genişləndirilməsinin zəruriliyini vurğuladılar. Forum iştirakçıları dilimizin izahlı lüğətinin genişləndirilməsi, o cümlədən lüğətçilik işinin genişləndirilməsi barədə AGTA adından Azərbaycan Milli Elmlər Akademiyasına müraciət göndərilməsini təklif etdilər.

Bütövlükdə tərcümə sənəti, tərcümə bazarı, tərcüməçilərin təhsili, tərcüməçilərin üzləşdiyi problemlər və digər məsələlərin müzakirə olunduğu sonuncu paneldə AGTA idarə heyətinin üzvü, peşəkar tərcüməçi Şəhla Ağalarova AGTA tərəfindən hazırlanmış Etik Davranış Kodeksini tərcüməçilərə təqdim etmiş və bu Kodeksə əməl etməyin vacibliyi vurğulanmışdır. AGTA sədr müavini İsrafil Xakiyev tərcüməçilər və müştərilər arasındakı münasibətləri təhlil etmiş, problemləri və həll yollarını müzakirəyə çıxarmışdır. AGTA idarə heyətinin üzvü, peşəkar tərcüməçi Elmar Fərəcov universitetlərə tərcümənin tədrisi, peşəkar tərcüməçilərin hazırlığı ilə bağlı öz fikirlərini bölüşmüş, peşəkar tərcüməçi Adil Bünyad isə tərcümə mühitinin bugünkü tələblərindən bəhs etmişdir.

Tədbirin mükafatlandırma mərasimi ilə yekunlaşdırılmışdır. AGTA-nın Bədii Tərcümə Klubu “İlin Klubu”, AGTA üzvü, Bədii Tərcümə Klubunun koordinatoru Günel Əbilova “İlin Fəalı” seçilmiş, təlimçi Tofiq Sadıxov isə “Tərcüməçilərin Dostu” elan edilmişdir. İl ərzində fəallıqları ilə seçilmiş on AGTA üzvü və Milli Tərcümə Forumunun təşkilində fəallıq göstərmiş AGTA könülləri “Təşəkkürnamə” ilə mükafatlandırılmışdır

[nggallery id=15]

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button