Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) rəsmi saytına xoş gəlmisiniz. Email: info@agta.az
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) Bədii Tərcümə Klubunun üzvləri “Qanun” nəşriyyatında olub. Hər gün iki yeni kitab nəşr edən nəşriyyatda görüş iyulun 6-da baş tutub. Gənc tərcüməçiləri nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu qarşılayıb və onları ilk olaraq kitabların kataloqunun yer aldığı otağa aparıb və nəşriyyatın tarixindən danışıb.
Ş.Xuduoğlu deyib ki, nəşriyyatda ilk olaraq demokratik ölkələrin konstitusiyaları tərcümə və nəşr edilib: “Biz bu işləri mənim əziz dostum Natiq Səfərov ilə başlamışıq. Natiq müəllimlə küçəyə çıxıb jurnalları satırdıq, hamıya qəribə gəlirdi. Hal-hazırda biz bir günə iki kitab çap edirik”.
Nəşriyyat rəhbəri gənc tərcüməçiləri mətbəəyə aparıb və onları çap avadanlıqıları ilə tanış edib. Onlara çap prosesi barədə ətraflı məlumat verib. Qısa çay fasiləsindən sonra AGTA-nın Bədii Tərcümlə Klubunun üzvləri və Şahbaz Xuduoğlu dəyirmi masa arxasında söhbət edib. Ş.Xuduoğlu ona ünvanlanan sualları cavablandırıb.
Nəşriyyat rəhbəri tərcümələrin keyfiyyəti ilə bağlı fikirlərini bölüşüb: “Sovet dövründə heç də mükəmməl tərcümələr edilmirdi, uyğunlaşdırmalar edilirdi. Bəzən rus dilindəki tərcümələrin daha mükəmməl olduğunu deyirlər. Lakin ana dilin rus dili deyilsə, tərcümədəki səhvlər duymaq olmur. Yalnızca ana dilinə tərcümə edilmiş mətnlərdəki səhvləri duymaq olar. Bu səbəbdən də bəzi rus dilli oxucularımız rus dilindəki tərcümələin daha uğurlu olduğunu deyir”.
Son zamanlar edilən tərcümələrə gəlincə isə naşir deyib ki, ən yaxşı tərcümələr ingilis, fransız, alman və rus dillərindən edilir: “Amma ən təəccüblüsü odur ki, ingilis dilindən edilən tərcümələr o qədər də yaxşı olmur. Bu, ana dilini yüksək səviyyədə bilməmələrindən irəli gəlir. Yaponiya, Çin kimi yüksək mədəniyyətlər bizim dilə tərcümə edilmir”.
Ş.Xuduoğlu vurğulayıb ki, kitab gəlirli sahə deyil: “Bu səbəbdən də tərcüməçilər tərcümə ilə dolana bilmirlər. Sevmədən tərcümə işi ilə məşğul olmaq isə qeyri-mümkündür”.
O, “Kitab bazarında qiymətlət necə müəyyən edilir” sualını belə cavablandırıb: “Texniki xərclərlə yanaşı bir çox amillər kitabın qiymətinə təsir edir. Kitabın baha olmasının səbəbi vergi yükünün olmasıdır. Gürcüstanda nəinki, kitaba hətta kitabla bağlı olan digər məhsullarda ƏDV yoxdur. Orada kitaba qayğı var. Bizim allahımız bizim bazarımızdır”.
Naşir vurğulayıb ki, bölgələrdə vəziyyət daha acınacaqlıdır: “ Otuz min nəfər əhalisi olan Cəlilabadda bir dənə də kitab mağazası yoxdur. Bu vəziyyət digər rayonlarda da hökm sürür”.
Sualları cavablandırdıqdan sonra naşir gənc tərcüməçiləri tərcümə işi ilə daha fəal məşğul olmağa və bu sahənin ardınca getməyə səsləyib, onları əməkdaşlığa dəvət edib.
AGTA Bədii Tərcümə Klubunun koordinatoru Günel Əbilova isə görüşlə bağlı bunları deyib: “Qanun nəşriyyatı tərcümə ədəbiyyatının nəşrində aparıcımövqeyə malikdir. Bütün tənqidlərə baxmayaraq, bu nəşriyyatın kitab bazarındakı rolunu yüksək qiymətləndiririk və məhz buna görə də “Qanun”-u seçdik. Bundan sonra biz də yerli kitab bazarına öz töhfəmizi vermək üçün səylər göstərəcəyik”
[nggallery id=13]
Copyright Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2025