AGTAçılar Vilayət Hacıyevlə: Kafkanın “Məhkəmə”si

Martın 31-də AGTA Bədii Tərcümə Klubunun təşkilatçılığı ilə Azərbaycanda bədii tərcümə sahəsində sözünü demiş, alman ədəbiyyatı oxucularının çox yaxşı tanıdığı Vilayət Hacıyevlə görüş keçirilib. Görüş Vilayət Hacıyevin son tərcüməsi – Frans Kafkanın “Məhkəmə” əsərinin tərcüməsinin müzakirəsinə həsr edilib.

V.Hacıyev ilk olaraq “Bədii tərcüməçi kimdir?”, “Tərcüməyə əsər seçərkən hansı kriteriyalar üstün tutulmalıdır?”, “Bədii tərcüməçi sifarişlə işləməlidirmi?” kimi məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, ən uğurlu tərcümələr ürəkdən gələn, tərcüməçinin öz dünyasına uyğun seçdiyi əsərlərin tərcüməsindən yaranır.

Hazırda əksər tərcüməçiləri düşündürən “Tərcümə mütləq orijinaldan edilməlidirmi?” sualını ətraflı cavablandıran qonaq bunun vacibliyini vurğulamaqla yanaşı, hələ ki, ölkəmizdə bədii tərcümə bazarının buna tam hazır olmadığını və orijinaldan tərcümə ilə məhdudlaşdırıla bilməyəcəyini deyib.

Həmçinin, dillərin fəqliliyi baxımından yaranan disharmoniyanın əsərin məzmununa, üslubuna xələl gətirmədən necə aradan qaldırılmasını, dildəki kasadlığı hiss etdirməmək üçün nələr etməli olduğumuzu nümunələrlə şərh edən tərcüməçi, bədii tərcüməçinin yeni sözlər yaratmasının əhəmiyyətindən və məsuliyyətindən, maraqlı faktlardan da danışdı.

Daha sonra o, Frans Kafkanın “ Məhkəmə” əsərinin tərcümə prosesindən, əsərin adının tərcüməsindən tutmuş buradakı qəliz dialoqların tərcüməsinə qədər müxtəlif təfərrüatlar ətrafında danışıb.

Sonda, gənc, amma özünü gələcəyin bədii tərcüməçiləri kimi görən iştirakçılara üzünü tutan Vilayət Hacıyev onlara gözəl, lazımlı, cəmiyyətin həyatına sirayət edə biləcək tərcümələri etməyi arzu etdi və bu yolda onlara uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, Azərbaycan oxucusu V. Borxert, Z. Lents, H. Böll, S. Svayq, F. Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının əsərləri ilə Vilayət Hacıyevin tərcüməsində tanış olub. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan tərcüməçi müxtəlif antologiya və toplularda çap olunan tərçümələrin dən əlavə aşağıdakı tərcümə kitablarının müəllifi və ya həmmüəllifidir:

1. Erix Maria Remark. “Zəfər tağı” (roman)

2. Herman Hesse. “ Yalquzaq” (roman)

3. Lion Feyxtvanger. “Lautenzak qardaşları” (roman və hekayələr)

4. Haynrix Böll. “Seçıilmiş əsərləri”ndə “Bir təlxəyin düşüncələri” romanı və hekayələri.

5. Frans Kafka. “ Məhkəmə” romanı, “Atama məktub”, “ Dönüş”, “ İmtahan”, “ Qəribə heyvan”, “ Ölülərin qonağı” və.s hekayələri.

Alman dilinə etdiyi tərcümələr:

1. Jussif Samedoglu. “Der kalte Stein” (“Soyuq daş”).

2. Anar. “ Die rote Limousine” (“Qırmızı limuzin”).

3. Rafig Taghi. “Der Verrückte“ (Divanə). (Sena Doqanla birlikdə).

Bu əsərlər Almaniyada nəşr olunan “Gruber –Müller ( Hg ) Verschlossen mit silbernem Schlüssel Literatur aus Armenien, Aserbaidschan, Georgien (1 Auflage. München- Wien ed- KAPPA, 2000) adlı topluda işıq üzü görüb.

[nggallery id=10]

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button