post

6 Saatlıq Redaktə Ziyafəti Vikipediyanın Gender Bərabərsizliyini Aradan Qaldıra Bilərmi?

Gələn həftə tələbələr, kafedralar və ictimaiyyət üzvləri Braun Universitetində toplaşacaqlar. Onlar oturacaq, öz kompüterlərini açacaq, yüngül qəlyanaltılardan yeyəcək, içkilərdən içəcək və 5 saat yarım vaxt ərzində Vikipediyada redaktə edəcəklər.

Onlar xüsusilə Vikipediyada elm, texnologiya, riyaziyyat sahələrində qadınların fəaliyyəti barədə əlavələr edəcək və məqalələri təkmilləşdirəcəklər. Ali Təhsil Xronikası tərəfindən bildirilir ki, onların bu redaktə “ziyafət”i qadınların texnologiyaya töhfələrinin qeyd edildiyi beynəlxalq bayram günü – Ada Lavleys Gününə təsadüf edir. 19-cu əsrin əvvəllərində Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır. O, həmçinin “sikl” və “işçi xana” terminlərini də ilk dəfə istifadə etmişdir.

Lavleysi əsas götürərək edilən redaktə işləri ensiklopediyanın redaktəsini bu formada aparacaq: İlk saat Vikipediyada yazmağın əsaslarını əsas diqqət mərkəzində saxlayacaq. Bu tədbirin ana səhifəsində isə redaktə olunmağa, təkmilləşdirilməyə ehtiyacı olan və ya ümumiyyətlə mövcud olmayan böyük bir siyahı əmələ gətirmiş məqalə adları var. Məsələn, Vikipediyada 2013-cü ildə Lasker Mükafatı almış İngeborg Homchair haqqında heç bir məlumat yoxdur.

Vikipediya tarixən həm content cəhətdən həm də redaktorların sayı baxımından gender bərabərsizliyi ilə mübarizə aparıb. 2011-ci ildə New York Times onun redaktorlarının yalnız 15%-inin qadın olduğu iddiasını irəli sürmüşdür.  Məlumat araşdırıcısı Santiaqo Ortiz Vikipediyada daha çox qadınların redaktə etdiyi məqalə tapmaq üçün vurnuxarkən ancaq menstruasiya ilə bağlı məqalə adı tapa bilmişdir(cloth menstrual pad).

Həmin vatxdan Vikipediyaçılar genderlərarası boşluğu doldurmağa daha səylə çalışırlar. Onlar müxtəlif sahələrdə cəm şəkildə bu çatışmazlığı aradan götürmək istəyirlər. Vikipediya hər kəs tərəfindən redaktə oluna bilən sayt olduğuna görə, bu işdə hamının əməyindən faydalanmaq mümkündür.

Mənbə: http://mashable.com

 

 

Çinin avto-senzura tələblərinə tabe olmayan yeganə veb-sayt – Vikipediya

Çində fəaliyyət göstərmək istəyən amerikalı internet şirkətləri bir qayda olaraq Çin qayda-qanunları ilə hərəkət etməlidirlər. Ancaq Vikipediya yaradıcısı Cimmi Ueyls Wall Street jurnalına bildirib ki, onun saytı heç vaxt Çində informasiyanın məhdudlaşdırılması barədə hökümət təklifləri ilə razılaşmayacaq.

Çində fəaliyyət göstərən saytların əksəriyyəti Tibet, Falun Gong dini hərəkatı, 1989-cu il etirazları və Tiananmen Meydanı ilə bağlı təzyiqlər kimi siyasi cəhətdən həssas mövzularla əlaqədar informasiyaları qadağan edən senzura qaydalarına tabe olurlar.

Çinin Qızıl Qalxan müdafiə qurğusunun bir sıra tanınmış Amerika saytlarını bloklamasına baxmayaraq, Vikipediya bu cəhətdən bir istisnadır.

                         

  1.        Google: Google-un Çində uzun və qarışıq irsi var. 2010-cu ildən bəri Google-un Çin dilindəki axtarış sistemi yalnız Çinin senzura qanunlarının tətbiq olunmadığı Hong Kong səhifələrində mümkündür.  Yanvar ayında Çində istifadəçilərə onlayn paylaşımlarının senzuraya məruz qaldığı barədə xəbərdarlıq edən xüsusiyyət ləğv olunmuşdur.
  2.       Facebook: Çində əlçatmazdır.
  3.       YouTube: Çində əlçatmazdır.
  4.       Yahoo:  Yahoo 2006-cı ildə senzura qaydalarına tabe olması ilə 4 dissidentin həbs olunmasına səbəb olmuşdur.
  5.       Wikipedia:  Vikipediya dil məsələsini nəzərə almayaraq, öz kontentinə Çində senzura qoymur, baxmayaraq ki, Çinin Qızıl Qalxan müdafiə qurğusu avtomatik olaraq mübahisəli səhifələri silir. Vikipediya müdafiə qurğusundan yayınmaq üçün saytın kodlaşdırılmış versiyasını təklif edir.
  6.       Amazon:  Amazon da bu tələblərə boyun əyir.
  7.        Windows Live:  Microsoft Çində hökümətin senzura və təmizləmə təkliflərinə tabe olur. Çünki Çində senzuralı internetin olması, heç olmamasından daha yaxşıdır.
  8.       LinkedIn: LinkedIn-in Çində mövcudluğu çox kiçik əhatəyə malik olduğundan, senzura hələ problem halına gəlməyib, baxmayaraq ki hökümət əvvəllər saytı blok etmişdir.
  9.       Twitter: Çində əlçatmazdır.
  10.    Blogspot: Çində əlçatmazdır.

 

Bu növ avto-senzura “İnsan Resurslarını İzlə”-dən Beynəlxalq Əlaqələr Komitəsinə qədər hər kəsin internet kampaniyalarını qınadığı və insan hüquqlarından daha çox öz xeyirlərini düşünməkdə günahlandırdığı Birləşmiş Ştatlarda mübahisəli məsələ olmuşdur.

Bu isə Vikipediyanın prinsipial mövqeyini açıqlamağa imkan verir. Çin biznesindən yüz milyon dollarlarla pul qazanan Amazondan fərqli olaraq, Vikipediya qeyri-kommersiya fonddudur və maliyyə dili ilə deyilsə, Çin bazarında qazanmağa maraqlı deyil.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasında “VikiKlub” yaradılıb

Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) “VikiHərəkat” çərçivəsində Azərbaycan dilində olan kontentin və Azərbaycana dair kontentin genişləndirilməsi işinə töhfə vermək, eləcə də vikipediyaçı gəncləri şəbəkələşdirmək məqsədilə “VikiKlub” yaradılması haqda qərar qəbul edib.

“VikiKlub”a “Vikipediya”nın Azərbaycan dili bölməsinin aktiv istifadəçiləri Nihat Vəlizadə və Eyyub Ziya rəhbərlik edəcəklər. “VikiKlub” öz fəaliyyətinə kluba qoşulan gənclər üçün “VikiTəlimlər” keçməklə başlayacaq. Kluba qoşulan ilk 15 üzv üçün təlimlər oktyabrın 12-də Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, “VikiKlub”a AGTA üzvlərindən əlavə, “VikiHərəkat”a (http://viki.agta.az) fərdi olaraq qoşulan gənclər də cəlb edilir. Sözügedən tədbirlər “İKT ili” üzrə Tədbirlər Planına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

post

Regionlarda viki-təlimlərə başlanır

“VikiHərəkat” çərçivəsində keçirilən “Vikipediya” ilə bağlı təlimlərin ikinci mərhələsinə start verilir. Belə ki, oktyabr ayının 19-da Xaçmaz (Şimal regionu üzrə), oktyabrın 26-da Lənkəran (Cənub regionu üzrə), noyabrın 2-də Şirvan (Mərkəz regionu üzrə) və noyabrın 9-da Gəncədə (Qərb regionu üzrə) “VikiTəlim”lər keçiriləcək. Təlimlərdə iştirak etmək üçün ƏRİZƏ FORMASINI doldurmaq tələb olunur.

Təlimlərdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.

Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər.

Sözügedən təlimlər sentyabr ayında Bakı şəhərində keçirilmiş “Təlimçilərin təlimi”ndə iştirak etmiş “Vikipediya”çılar tərəfindən aparılacaq. Yerli təlimçilərə dəstək üçün “VikiHərəkat” layihəsinin koordinatorları ilə yanaşı, “Vikipediya”nın aktiv istifadəçiləri Nihat Vəlizadə və Eyyub Ziya da təlimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur.

“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.

 

VikiTəlimlərə müraciət etmək üçün ərizə forması:

https://docs.google.com/forms/d/1c4zKrS7gw_-aH_7s-oSpgy2tpQ4pSCm_1tIpzPdzKrQ/viewform

post

Bakı şəhərində “VikiTəlimçilərin təlimi” keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən VikiHərəkat çərçivəsində təlimlərə start verildi. Gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsinə yönələn ilk təlimlər sentyabrın 21-22-də, Bakı şəhərində keçirildi.

Xaçmaz, Lənkəran, Neftçala, Ucar, Sabirabad, Şirvan, Gəncə və digər regionlardan olan iştirakçılar iki günlük təlim çərçivəsində Vikipediyanın müxtəlif aspektlərinə dair bacarıqlar əldə etmiş, öyrəndikləri nəzəri bilikləri praktiki tapşırıqlarla möhkəmləndirmişlər. Vikipediyanın Azərbaycan dili bölməsinin idarəçiləri tərəfindən keçirilən təlimdə təlim vəsaiti kimi “Vikipediyaçıların masaüstü kitabçası” istifadə edilmişdir.

Təlimçi Tərxan Paşazadə təlimlə bağlı fikirlərini “VikiHərəkat”-la bölüşmüşdür: “Artıq RİTN-in dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının icra etdiyi “VikiHərəkat” layihəsi çərçivəsində ilk təlim başa çatmışdır. Bir təlimçi kimi şəxsən mənim üçün bu təlimin böyük əhəmiyyəti oldu. İştirakçıların vikipediyaya olan maraq və diqqətlərindən çox məmnun oldum. Bu təlim bir daha sübut etdi ki, Azərbaycanda virtual məkana, xüsusilə də Vikipediyaya böyük maraq var. Cəmiyyətimizin inkişafında vikilayihələrin rolu günü-gündən artmaqdadır. Çünki biz bu istiqamətdə fəaliyyətimizi könüllü olaraq böyük həvəs və zövqlə təkmilləşdirib, inkişaf etdiririk”.

Qeyd edək ki, VikiHərəkat çərçivəsində regionlarda keçiriləcək təlimlər oktyabr-noyabr aylarında baş tutacaq.

Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipedia” könüllülük hərəkatının yayılmasından ibarətdir.

TƏDBİRDƏN ŞƏKİLLƏR: http://agta.az/2013/09/23/baki-s%C9%99h%C9%99rind%C9%99-vikit%C9%99limcil%C9%99rin-t%C9%99limi-kecirildi/