AGTA ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır

11222938_868843486484520_6641437565277576323_o

Azərbaycanda tərcümə sənətinin inkişafı, gənc tərcüməçilərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası ilə tərcümə sahəsində nümunəvi təhsil verən ali təhsil ocaqlarından biri – Bakı Slavyan Universiteti arasında bu gün (13 iyul) əməkdaşıq haqqında memorandum imzalanmışdır. Tədbirdə BSU-nin rektoru cənab Asif Hacıyev, Tərcümə fakültəsinin dekanı Səbinə Tariverdiyeva, AGTA sədri İsmayıl Cəbrayılov və AGTA-nın BSU üzrə koordinatoru Fərrux Paşazadə iştirak etmişdir.

Memorandumun imzalanma mərasimi Bakı Slavyan Universitetində baş tutmuşdur. Bakı Slavyan Universitetinin rektoru cənab Asif Hacıyev universitetdə tərcümənin tədrisi, tədrisə istifadə edilən metodologiyalar, tədris edilən dillər, universitetin imkanları barədə məlumat verərək, gənclər üçün təcrübə xarakterli tədbirlərin, təlim və seminarların, birgə layihələrin təşkilinin əhəmiyyətini qeyd etdi. AGTA sədri İsmayıl Cəbrayılov təşkilatın məram və vəzifələri arasında tərcümə sahəsində təhsil alan tələbələrin dəstəklənməsinin xüsusi yer tutduğunu bildirərək, AGTA-nın bu sahədə Bakı Slavyan Universitetinin tələbələri üçün yeni imkanlar açacağına inamını ifadə etdi. Tədbirdə iştirak edən Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı Səbinə Tariverdiyeva universitetdə tərcümənin tədrisində ən son texnologiyalardan istifadə edildiyini vurğuladı və BSU ilə AGTA arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını bildirdi. Sonda cənab Asif Hacıyev gənc tərcüməçilərə tutduqları yolda uğurlar arzu etdi.

Qeyd edək ki, Bakı Slavyan Universiteti və AGTA-nın bu memorandumla müəyyən edilən məqsədləri tərcümə, dilçilik və digər əlaqəli sahələrdə təhsil alan tələbələrin, eləcə də bu sahələrdə təhsilini başa vurmuş gənclərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin tərcümə və dilçilik sahələri ilə bağlı təşəbbüslərinin stimullaşdırılması və tərcümə sahəsində müxtəlif fəaliyyət və tədbirlərin təşkili və həyata keçirilməsidir.

Xatırladaq ki, AGTA Qafqaz Universiteti və Azərbaycan Dillər Universiteti ilə də əməkdaşlıq memorandumu imzalamışdır.

 

We cannot display this gallery

 

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button