Məryəm Mehdiyeva: “Elə çarəsiz ora-bura fırlanırdım ki, birdən Luis Figonu gördüm”

dscn8809 (1)

Məryəm Mehdiyeva İtaliyada İnter (Milan) – Neftçi (Azərbaycan) qarşılaşması ilə bağlı tərcümə təəssüratlarından danışır.

Qeyd: Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə 14 ölkədə fəaliyyət göstərən Clark Football Languages LTD şirkətinin Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığında yerləşən ofisinin növbəti əməkdaşlığı çərçivəsində AGTA üzvü Məryəm Mehdiyeva 5-6 dekabr 2012-ci il tarixlərdə Neftçi (Azərbaycan)- İnter (İtaliya) klubları arasında keçirilən futbol qarşılaşması ilə əlaqədar İtaliyanın Milan şəhərində tərcümə xidmətləri göstərmişdi

un2

Tərcümədən bir gün öncə otelə yerləşdirildim. Səhər isə metroyla əvvəlcədən deyilən yerə gedib Klaudio adlı biri ilə görüşdüm. Məni ilk mətbuat konfransına o aparacaqdı. “İnter”in stadionu şəhərdən kənarda olduğu üçün maşınla getməli idik. Əvvəl bir az futbolçuların məşqinə baxıb daha sonra konfrans zalına keçdik. Bir azdan məşqçi yanında bir oyunçu ilə içəri daxil oldu. Azərbaycan jurnalistləri olmadığından mən tərcümə etmədim, ancaq məşqçiyə ünvanlanan sualları və onun verdiyi cavabları qeyd etdim. Əslində oyundan demək olar ki, danışmadılar. O vaxt daha çox Sneijderin niyə meydançaya çıxmaması, bunun oyunçu üçün bir cəza olub-olmadığı, onun gələcəkdə komanda heyətində oynayıb-oynamayacağı müvzusu gündəmdə idi. Axşama isə Neftchinin mətbuat konfransı olmalı idi. Bu daha maraqlı oldu. Məşqçimizin nitqi ritorikalarla bol olduğu üçün bəzən çətinlik çəkirdim, bəzən isə öz aralarında istifadə etdikləri terminləri anlamayacağımı başa düşüb arxadan onun nə demək istədiyini mənə başa salırdılar. Suallardan birini cavablandırdığı vaxt məşqçimiz ölümdən döndüyünü demişdi. Daha sonra italyan jurnalistlər mənə yaxınlaşıb ona nə olduğunu soruşmuşdular. Mən də azəri jurnalistlərdən aldığım məlumatları onlarla bölüşmüşdüm.

Gələk tərcümənin ikinci gününə. Deyə bilərəm ki, ikinci gün daha maraqlı və sərgüzəştli oldu. Günorta saat 12-də iki komanda rəhbərləri arasında rəsmi yemək olmalı idi. İki saat öncədən çıxmağıma baxmayaraq deyilən restoranın yerini tapa bilmirdim. Yolda soruşduqlarımdan da heç kim tanımırdı. Elə çarəsiz ora-bura fırlanırdım ki, birdən Luis Figo-nu gördüm (mənə onun da böyük ehtimalla naharda olacağı deyilmişdi). Gizlincə onu izlədim. Sən demə restoran, şəkililərin sözü olmasın, düz ağzımın içində imiş. Keçək oyuna. Saat 9 olmamış San Siro stadionuna getdim. Orada iki-üç dəfə olmuşam. Elə bilirdim hər yeri görmüşəm. Elə deyilmiş… Getdik televizorlar olan otağa. Bu otaqdan stadionda baş verən hər şeyi izləmək olar. Bir az orada oturandan sonra əlimə mikrofon verib düz stadionun içinə göndərdilər. Orada mənə bir gün əvvəldən italyanca verilən mətni azərbaycanca səsləndirdikdən sonra Neftçinin oyuncularını təqdim etməli idim. Bir oyunçunu elan etdim, azəri azarkeşlərinin alqışlarını eşitdim, ikinci oyunçunu təqdim etdim, eyni şey təkrarlandı. Özüm də həvəsləndim, qorxu, həyəcan yox oldu, adları daha gur səslə və fasilələrlə dedim ki, bizimkilər doyunca alqışlasınlar. Bu tapşırığı da uğurla yerinə yetirəndən sonra stadionun içində şəkildə gördüyünüz yerə getdim. Orada qolların təkrarı izlənilir, oyunçu dəyişikliyi elan olunurdu. Oyunu sonuna qədər burada izlədim. Oyunçu dəyişikliyi olan vaxt mənə işarə olunurdu, mən də elan edirdim.

Oyun bitdi. Gece saat 12, mənim ən ağır işim isə hələ qabaqdadır. Hər iki məşqçi oyundan sonra mətbuat konfransı keçirməlidir. Tez konfrans zalına qaçdım. İlk bizim məşqçimiz gəldi. Əhvalı yüksək idi. Zalda da səs-küy dinmək bilmirdi. İlk olaraq hamı məşqçini alqışladı, sonra səmimi söhbət başlandı. Gözlənildiyindən uzun çəkdi, bütün suallar cavablandırıldı. Çox rahat idim, əla da tərcümə edirdim. Uzun-uzun cümlələr səslənməsinə baxmayaraq hər şeyi qeyd edir, demək olar ki, olduğu kimi çatdırırdım. Bu konfrans bitdikdən sonra eyni zala İnterin məşqçisi daxil oldu. Dəhşət səs-küy var idi. O da hamı susana kimi danışmadı. Sonra mənə dedi ki, əvvəl sual-cavab olacaq, sonda mən tərcümə edəcəyəm. Yəqin vaxt itirmək istəmirdi. Amma bunu eşidən azəri jurnalistlər kəskin şəkildə etiraz etməyə başladılar. Çox gərgin bir mühit yarandı… Mən də bir az ortada qaldım… Jurnalistlərin dediyi bəzi şeyləri heç tərcümə etmədim ki, vəziyyət daha da pisləşməsin. Nəysə, qərara alındi ki, bir sual, bir cabab səslənsin, sonra mən tərcümə edim. Əvvəl söz italyan jurnalistlərinə verildi. Mənim dilim isə artıq topuq vururdu. Saat 1-ə yaxınlaşır, bunlar isə bir-birindən bilmirəm nə istəyirdi… Azərbaycan jurnalistlərindən birinin sualını misal gətirim: “Bildiyiniz kimi Neftçi qrup mərhələsini keçə bilmədi. Bütün oyunlarda da məğlub olduq. İndiyə kimi bircə komandanın qapısına qol vurmuşuq, o da İnter. Sizcə bunun səbəbi nədir?” Təbii ki, bu və başqa suallara cavab verildi, amma olan mənə oldu. Başqa bir sual: “Oyun 2:2 hesabı ilə bitdi. Sizcə bu İnterin məğlubiyyətidir, ya Neftçinin qələbəsi?” Məşqçi sualı başa düşməmiş kimi “Nədi, bu gün iki oyun oldu ki?” sualını verdi. Bilmirəm nə qədər doğru oldu, amma suala özüm cavab verdim. Dedim ki, yox, bir oyun oldu, amma nəticələr komandalar üçün fərqli əhəmiyyət kəsb edir. O başa düşməmiş kimi etdi, mən də sualı izah etdim də… 20 dəq içində bu konfrans da yekunlaşdı. Mən isə səhərə yaxın otelə qayıtdım. Bütün xırda pulumu hər gün orada duran dilənçiyə verib ad günümü və Yeni ili qeyd etmək üçün Bakıya yola düşdüm.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button