“Təbrik edənlər də oldu, yazıq qız, səni anlayıram deyənlər də oldu, qıpqırmızısan, bir az havaya çıx deyənlər də”/Məryəmin ilk sinxron tərcümə təcrübəsi

dscn8809 (1)

Məryəm Mehdiyeva AGTA Gənc Tərcüməçilər Klubunun üzvüdür. Azərbaycan Dillər Universitetinin məzunudur. Artıq 4 ildir ki, təhsilini İtaliyada davam etdirir. Məryəm bu yaxınlarda keçirilmiş ASAİF-in Roma forumunda sinxron və ardıcıl şifahi tərcümə xidmətini təmin edib.

Tədbirdən təxminən bir həftə öncə AGTA vasitəsilə ASAİF-in tədbirində tərcüməçi ve aparıcı kimi iştirak etmək təklif olundu. Düşünmədən qəbul etdim. Tədbirin başlamasından bir ya iki gün öncə isə öyrəndim ki, tərcümə sinxron olacaq. Bu sahədə heç bir təcrübəm olmadığı üçün bir az çəkindim, amma məndən başqa bu işin öhdəsindən gələcək biri onsuz da yox idi. Mənə deyilən vaxt, yəni mart ayının 27-si Romaya getdim. Tədbir isə ayın 28-inə planlaşdırılmışdı. Tez yaxınlaşıb tərcüməçi olduğumu, hələ də mənə heç bir mətnin, bu bir yana, heç olmasa konsert proqramının verilmədiyini dedim. Konsertin rejissoruna zəng etdilər. Bütün gün gözlədim, nəhayət gecə 12-dən sonra konsert təşkilatçılarının qaldığı otelə getdik. Orda öyrəndim ki, heç bir mətn yoxdur. Dedilər ki, bizim aparıcı sinədəftərdir, ona görə də improvizasiya edəcək, sən də neçə ildir burada qalırsan, tərcümə etmək çətin olmaz, istəyirsən gəl təxmini məşq edək. Birtəhər başa saldım ki, italyan dilini bilməklə deyil, mən nə aparıcıyam ki, improvizasiya edim, nə də yüzlərlə insan qarşısına çıxmağa alışmışam ki, həyəcansız şəkildə tərcümə edim. Həm də konsert əvvəldən planlaşdırılmış bir tədbir olduğu üçün, mətnin də daha mükəmməl olması, daha professional işlənilməsi gözlənilir tamaşaçılar tərəfindən. Doğrudan da hər şeyi yazmağa və tərcümə etməyə kifayət qədər vaxt tapmaq olardı. İnandırım sizi ki, hazır mətni belə, lap azərbaycan dilində olsa da, yüzlərlə insan qarşısında çıxış edəcəksənsə, əvvəlcədən dəfələrlə üzündən oxumaq lazımdır ki, həyəcana qalib gələsən. Nəysə, birtəhər mənə qısa bir mətn yazıb yola verdilər… Otelə gedib bu mətnə göz gəzdirdim, bir şeylər cızmaqara etdim. Təbii ki, konsertdə aparıcı tamam başqa şeylər dedi, müğənniləri tamam fərqli şəkildə təqdim etdi. Amma pərdə arxasında mənə təxmini nə deyəcəyini söylədi. Allah razı olsun! Neçə saatlıq sinxron tərcümədən bir- iki saat sonra bir də bu gəldi başıma.

İndi gələk mənim bu işin öhdəsindən necə gəldiyimə… Birinci dəfə idi… Amma özümü toplaya bildim. Durub ordan qaçmadımsa böyük şeydir. Bəzi səhvlərim də oldu təbii ki. Ən çətinlik çəkdiyim məqamlar müxtəlif təşkilatların adını tərcümə etmək idi. Onları qeyri – dəqiq tərcümə etdim. Çıxışlarda statistikaları tez-tez deyəndə çatdıra bilmirdim. İndi isə ən yaralı yerim… Sən demə tədbirdə məktub səsləndiriləcəkmiş. Təəssüf ki məktubu qabaqcadan əldə edə bilmədim… Hərçənd tərcümə etdim, yaxşı da alındı. Sadəcə bir var, sənə düşünmək üçün bir neçə saniyə vaxt verilir, bir də var, rahat oturub daha düzgün terminlər seçməklə daha səviyyəli tərcümə edirsən. Amma ümumilikdə yaxşı keçdi, hər şeyi tərcümə etdim. Bəzi şeyləri çatdırmaq çətin idi, ətraflı izah etdim. Cümlə strukturu eyni olmadığı üçün, italyanlar xəbərdən başlayıb mübtədayla bitirdikləri üçün və xəbərlə mübtəda arasına istədikləri qədər söz qoya bildikləri üçün cümlənin sonunu gözləmək bir az vaxt alırdı, və insanlar səs eşitmədiklərində kabinəyə tərəf baxırdılar ki “nə oldu?”. İndi düşündükcə ağlıma ən pis şeylər gelir, amma 4-5 saat tək tərcümə etdim, cəmi yarım saatlıq fasilə ilə. Öhdəsindən gəldim. Təbrik edənlər də oldu, yazıq qız, səni anlayıram deyənlər də oldu, qıpqırmızısan, bir az havaya çıx deyənlər də. Mükəmməl olmadı, olması mümkün deyildi çünki… Yenə də özümlə fəxr edirəm…Bacardım…

Dediklərimin şikayət kimi səslənməsini istəmirəm. Əslində çox minnətdaram hamıya. Sinxron tərcümə şansı hər gün ələ keçmir. Məhz ona görə də bu sahədə kifayət qədər praktikamız yoxdur. Məhz ona görə onlar mənim qarşılaşacağım çətinliklərdən xəbərsiz idilər. Hər şey bir yana, hamımız üçün bir təcrübə oldu.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button