AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasına müşahidəçi üzv qəbul olunub

logoagta

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Beynəlxalq Tərcüməçilər Federasiyasına müşahidəçi üzv qəbul olunub. Belə ki, oktyabrın 30-da Federasiyanın Şurası yekdilliklə AGTA-nın bu təşkilata üzv qəbul edilməsinə səs verib.  Nəticədə, AGTA 3 il müddətinə müşahidəçi üzv qəbul edilib.

AGTA-nın sədri İsmayıl Cəbrayılov bildirib ki, BTF-ə müşahidəçi üzvlük üçün bir neçə ay bundan əvvəl müraciət edilib: “Yeni yaranmış təşkilat kimi, BTF-ə müşahidəçi üzvlük üçün müraciət etdik. Müşahidəçi üzvlüyün müddəti 3 ildir. Bu müddət ərzində BTF və onun üzvləri təşkilatımızın strukturunun formalaşmasında köməklik göstərəcək, təcrübələrini bizimlə bölüşəcəklər. Təşkilatın peşəkar assosiasiya kimi formalaşması başa çatdıqdan sonra daimi üzvlük müraciət edəcəyik ki, məncə bu çox çəkməyəcək və 3 il gözləməyimizə ehtiyac qalmayacaq”.

Məlumat üçün bildirək ki, Beynəlxalq Tərcüməçilər Federasiyası bu gün 55 ölkədən yüzdən çox peşəkar assosiasiyanı özündə birləşdirməklə, 80 mindən yuxarı tərcüməçini təmsil edir. AGTA-nın BTF-ə qəbul olunması ilə Azərbaycan ilk dəfə bu təşkilatda təmsil olunmağa başlayıb.

Təşkilat BTF-ə yeni üzv qəbul olunsa da, artıq xeyli müddətdir əməkdaşlıq etməkdədir. Beynəlxalq tərcüməçilər şəbəkəsinin bir hissəsi kimi AGTA Azərbaycanda ilk dəfə Beynəlxalq Tərcümə Gününün yüksək səviyyədə qeyd edilməsinə nail olub. Belə ki, təşkilatın 1 yaşı və Beynəlxalq Tərcümə Günü münasibətilə 28 sentyabrda AGTA “Tərcümə – mədəniyyətlərarası kommunikasiya vasitəsi kimi” mövzusunda konfrans keçirib. Qeyd edək ki, Beynəllxalq Tərcümə Günü BTF-in rəhbərliyi altında bütün dünyada  “Tərcümə – mədəniyyətlərarası kommunikasiya” şüarı altında qeyd edilib.

İki yüzə yaxın peşəkar, həmçinin həvəskar tərcüməçiləri, tərcümə təhsili almaqda olan tələbələri  bir araya gətirən AGTA 2011-ci il sentyabrın 30-da – Beynəlxalq Tərcüməçilər Günündə – bir qrup gənc tərcüməçi tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, eləcə də mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir.

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button