AGTA-NIN TƏQDİMATI KEÇİRİLİB

Bu gün (06 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Assosiasiyanın sədri İsmayıl Cəbrayılov təşkilatın yaranma səbəbləri və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, AGTA bu il sentyabrın 30-da Beynəlxalq Tərcüməçilər Günündə təsis edilib və təşkilatın əsas məqsədi tərcüməçilərin təşkilatlanması, tərcüməçilər arasında kommunikasiyanın yaradılması, həmçinin tərcüməçilərin hüquqi və iqtisadi maraqlarının qorunmasıdır. O, rəhbərlik etdiyi təşkilatın Qeyri-Hökumət Təşkilatları ilə də könüllü əməkdaşlıq edəcəyini vurğulayıb. Bununla yanaşı qurum tərcüməçilərin etik qaydalar kodeksini işləyib hazırlamağı, treninqlər, təcrübəli tərcüməçilərlə görüşlər keçirməyi nəzərdə tutur. “Bu görüşlərdə tərcüməçilik sənətinin problemləri, linqivistik məsələlər, vahid prinsiplərin hazırlanması məsələləri müzakirə ediləcək”-deyə İsmayıl Cəbrayılov əlavə edib.

AGTA-nın icraçı katibi Rəşad Hüseynov təşkilatın gələcək fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, yeni yaradılan qurum ictimaiyyət arasında tərcümə peşəsi və tərcüməçilər haqqında düzgün rəy yaratmaq, tərcüməçilərlə işləmək etikasının təbliği üçün əməli iş görəcək. O Gənc Tərcüməçilər Assosiasiyanın Azərbaycan gerçəklərinin dünyaya çatdırılmasına töhfə verəcəyini də deyib.

Assosiasiyanın koordinatoru Afaq Aslanova isə təşkilata üzvlük qaydaları barədə bilgi verərək tədbir iştirakçılarını bu sahədə fəallıq göstərməyə və təşkilata üzv olmağa səsləyib.

Tədbir 30-dan yuxarı gənc tərcüməçinin AGTA-ya üzv qəbul edilməsi ilə başa çatıb. Qeyd edək ki, hər üç təsisçi Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin məzunlarıdır. İsmayıl Cəbrayılov Tərcümə fakültəsində magistr pilləsində təhsilini davam etdirir.

Leave a Reply

close
Facebook IconYouTube IconTwitter Icontwitter follow button